Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

İşə İcazə Sistemi

"AzerGold" QSC-də yüksək riskli işlərə icazə sənədlərinin hazırlanmasını, mərhələli təsdiqini, uzadılmasını, bağlanmasını və ləğvini elektronlaşdıran veb əsaslı İşə İcazə Sistemi.

İşə İcazə Sistemi

Layihə haqqında

"AzerGold" QSC-nin istehsalat sahələrində isti işlərə (qaynaq, əritmə, elektrik, partlayış işləri) və soyuq işlərə (yükqaldırma, hündürlükdə iş, qazma, təmir-tikinti) icazə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun rəsmiləşdirilir. Əvvəllər bu icazələr A3 formatlı kağız vərəqələrdə aparılırdı. Bu üsul vaxt itkisinə, mexaniki səhvlərə və təsdiq prosesinə nəzarətin çətinləşməsinə səbəb olurdu.
Sistem icazə sənədlərini vahid elektron mühitə keçirir. Sifarişçinin əməkdaşları və podratçı şirkətlər sənədi brauzer vasitəsilə istənilən cihazdan yaradır. İşin növü, sahəsi, təhlükələri və qabaqlayıcı tədbirləri öncədən təyin olunmuş siyahılardan seçilir. Risk qiymətləndirilməsi xəritəsi kimi məcburi sənədlər əlavə edilmədən icazə təsdiqə göndərilmir. Sənəd icazəni alan, icazə verən və SƏTƏM nümayəndəsi tərəfindən ardıcıl təsdiqlənir və yalnız bundan sonra unikal nömrə alır. Hər addım icraçı və tarix göstərilməklə qeydə alınır.

Sistemin məqsədi

  • İşə icazə prosesinin kağız vərəqələrdən vahid elektron sistemə keçirilməsi
  • İcazələrin hazırlanmasına və təsdiqinə sərf olunan vaxtın azaldılması
  • Öncədən təyin olunmuş siyahılar və məcburi yoxlamalar hesabına mexaniki səhvlərin aradan qaldırılması
  • Təhlükəyə uyğun qabaqlayıcı tədbirlərin və məcburi sənədlərin unudulmamasının təmin edilməsi ilə əməyin mühafizəsinin gücləndirilməsi
  • Hər təsdiqin və dəyişikliyin kim tərəfindən, nə vaxt edildiyinin izlənməsi ilə şəffaflığın və hesabatlılığın təmin edilməsi
  • Podratçı şirkətlərlə iş prosesinin nizamlanması və məlumatlara girişin səlahiyyətə görə məhdudlaşdırılması

Əsas funksiyalar

  • İcazə sənədlərinin hazırlanması: isti və soyuq işlər üçün ayrıca formalar; işin təsnifatı, təhlükələr, qabaqlayıcı tədbirlər və əlaqədar sənədlər bölmələri
  • Ağıllı seçimlər: seçilmiş işin növündən və təhlükələrdən asılı olaraq əlavə seçimlərin açılması; məcburi faylların əlavə edilməsinə nəzarət
  • Mərhələli təsdiq: icazəni alan, icazə verən və SƏTƏM nümayəndəsi tərəfindən təsdiq və ya imtina; təsdiqdən sonra avtomatik və təkrarlanmayan nömrələmə
  • İcazənin həyat dövrü: icazənin uzadılması, bağlanması və səbəb göstərilməklə ləğvi
  • Sənədlərin siyahısı və axtarış: status, növ və tarix üzrə süzgəclər, sürətli axtarış, rəng kodlaşdırması, "Seçilmişlər" bölməsi
  • Fayl idarəetməsi: sənədə aid bütün faylların bölmələr üzrə vahid siyahıda saxlanması
  • Çap: sənədin mövcud kağız formaya uyğun şablonla çapı
  • Təhlükəsiz silinmə: silinmiş sənədlərin ayrıca qovluqda saxlanması və bərpası, silən və bərpa edən şəxsin qeydiyyatı
  • Bildirişlər: yeni sənəd yarandıqda iştirakçılara sistem bildirişi və e-poçt göndərilməsi
  • Soraqçaların idarə edilməsi: iş sahələri, təhlükələr və qabaqlayıcı tədbirlər siyahılarının əlavə edilməsi, redaktəsi və deaktiv edilməsi
  • İstifadəçi və qrupların idarə edilməsi: podratçı və subpodratçı qrupları, alt qruplar, qrup səviyyəsində səlahiyyətlər; korporativ hesabla (LDAP) və ya lokal hesabla giriş
  • Rol əsaslı giriş: hər istifadəçinin yalnız iştirak etdiyi və ya özünə aid sənədləri görməsi
  • Audit: bütün təsdiq, dəyişiklik, silinmə və bərpa əməliyyatlarının tarixçəsinin saxlanması